Skip to main content


İxlaslı olmağın əlamətləri

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyət 56)

İbadət Allah`ın sevdiyi və razı qaldığı bütün gizlin və açıq söz və əməllər toplusudur. Ancaq Rəbb`imiz bizdən ibadəti yalnız iki şərtlə qəbul edir;

  1. İxlas – Əməlini xalis olaraq yalnız Onun üçün etmək.
  2. İttiba- Əməlini Allah Rəsulu salləllahu əleyhi va səlləmin sünnətinə uyğun etmək.

Bu şərtlərdən biri əksik olduğu zaman həmin əməl insanın öz əleyhinə yazılar və etdikləri ona heç bir fayda verməz.

İxlas  imanın özüdür və Rəbb`imiz bizə Ona, yalnız Onun rizası üçün ibadət etməyi  əmr etmişdir. Uca Allah buyurur: 

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ

Halbuki,  onlara -  Allah`a ixlaslı şəkildə ibadət etmələri  və hənif olaraq dini yalnız Ona xas qılmaları əmr olunmuşdu. (Beyyinə 5)

Həmçinin Allah təala tərkibində zərrə qədər riya olan əməli qəbul etməz və Qiyamət günü o əməl qulun öz əleyhinə olar.

Peyğəmbər salləllahu əleyhi va səlləm buyurmuşdur: “İçərisində xardal dənəsi qədər riya olan bir əməli Allah qəbul etməz”. (Buxari)

Bütün bunlardan sonra bir insan özünün  ixlas və riyadan nə qədər payı olduğunu bilməsi üçün üzərində aşağıdakı üç əlaməti  test etməsi lazımdır. Bundan sonra o həqiqətən də əməllərində nə qədər ixlaslı olacağını Allah`ın izni ilə biləcəkdir. İxlaslı olmağın əsas üç əlaməti aşağıdakılardır:

Birinci əlamət- Əməllərinin kəmiyyət və keyfiyyətinin gizlində və aşkarda eyni olması. Bunu aşağıdakı kimi izah etmək mümkündür. Əgər bir insan camaat içərisində namaz qılarkən təklikdə də eyni şəkildə qılırsa yəni onun namazının uzunluğu yaxud qısalığı, sünnətlərin qılınması, rukunun və səcdənin uzunluğu, qiraətinin gözəlliyi, uzunluğu və qısalığı tək olduğu zaman və digərləri arasında eyni şəkildədirsə o zaman onda ixlasdan pay vardır. Yox əksinə o tək olduğunda qiraəti, rükusu, səcdəsi qısa, ancaq camaat içərisində uzundursa, təklikdə sünnətlər yox camaat içərisində varsa artıq o kəsdə riyadan (göstəriş) pay vardır deməkdir. Bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Əməllərinizi Allah üçün xalis qılın. Çünki Allahu təala, ancaq özü üçün ixlasla edilən əməli qəbul edər”. (Darə Qutni) Əksinə, müsəlman toplum içərisində etdiyi sünnəti bir təşviqə çevirməli və təklikdə də o sünnətləri etməyə başlamaqla ixlasını artırmağa çalışmalıdır..

Bu bölməyə bir çox insanın yaşadığı digər bir misal-  camaat içərisində haramlardan çəkinib ancaq tək qaldığında Rəbb`inin onun üzərində nəzarətini hiss etməməkdir. O kəs ki, digərləri yanında gözlərini haramdan çevirir ancaq tək olduğunda haramlara  baxar və bundan heç bir məsuliyyət duymazsa onun əslində haramlara baxmaqdan çəkinməsi Allah üçün deyil insanlar üçün olduğu anlamındadır. Məhz o kəslər, Allah Rəsulu salləllahu əleyhi va səlləmin ifadəsi ilə desək ən böyük xüsrana uğrayan kəsdir. O kəsin halını qısa olaraq belə ifadə etmək olar-“aşkarda şeytanı söyüb gizlində ona tabe olan”. Ancaq ixlaslı müsəlman öz gözlərini və digər əzalarını açıqda haramdan qoruduğu kimi, gizlində də onları mühafizə edərək Rəbb`inin əl-Basir, ər-Raqib (hər şeyi görən və nəzarətində saxlayan, nəzarət edən)   sifətilərinə haqqı ilə iman etmişdir.

İxlaslı müsəlmanın əməlləri həm açıqda həm gizlində eynidir. Hətda gizlində daha da keyfiyyətlidir. Çünki o əməllərini gizlini və aşkarı bilən və hesab gününün Sahibi üçün edir. Çünki o bilir ki, onun mükafatını yalnız O verəcək və axır dönüş məhz Ona, Rəbb`inədir.

İkinci əlamət- Əməlinin keyfiyyətinin tərifə yaxud qınağa bağlı olmaması və hər iki halda eyni şəkildə olması. Bunun anlaşılması üçün başqa tərzdə izah edək- etdiyi  müəyyən əməl qarşılığında təriflənərkən əməlini daha da həvəslə etməsi və artırması, qınanarkən isə şövqünün azalması yaxud onu tərk etməsi halının yaşanmaması. Bir müsəlman müəyyən bir iş görərkən onun qarşılığını, yəni mükafatını Rəbb`indən gözləmədiyində onun işinin dayanıqlı olması digərlərinin onun işinə münasibətindən asılı olur. Məsələn, Allah`ın dininə dəvət edən birisi Rəbb`inin rizasından başqa kimsənin tərifini istəməzsə, yaxud müxaliflərinin qınağından qorxmazsa bu onun ixlasına dəlalət edir. Ancaq başqa bir dəvətçi isə tərifləndiyini eşitdiyində daha da həvəslə çalışar qınandıqda isə bu işdən soyuyarsa dəvəti qarşılığında insanlardan özünə hörmət, bir az fərqli yanaşma istəyində olarsa, insanların bunu tanımasından, hörmətindən vüqarı artarsa o zaman bu kəs Allah`a deyil özünə dəvət edən bir göstəriş sahibidir  ki, o, dəvət həyatında qarşısına çıxan maneələrdən haqqı ilə keçə bilməz və bir sıxıntı olduğunda bunu tərk edər. Bundan Allah`a sığınırıq.

Başqa bir nümunə ilə desək bir müsəlman ehtiyacı olan başqa bir müsəlmana yardım etdiyində özünə qarşı ondan mənfi münasibət görərkən, yaxud ondan istədiyi şəkildə təşəkkür görmədikdə ona olan yardımını kəsər yaxud azaldarsa bu artıq onun qarşı tərəfə yardımının Allah üçün etmədiyinin açıq isbatıdır. Ancaq ixlaslı müsəlman etdiyi yaxşılığın mükafatını Allah`dan istəyər və onun əməlinin keyfiyyəti tərif və qınaq halında da eyni olar. Həmçinin etdiyinin qarşılığında qarşı tərəfdən heç bir təşəkkür gözləməz. Uca Rəbb`imiz o kəsləri kitabında belə təsvir etmişdir :

وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا * إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا*

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər, (və deyərlər): “Biz sizi yalnız Allah`ın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də  minnətdarlıq gözləmirik! (İnsan 8-9)

Üçüncü əlamət- Əməl etdikdən sonra qəlbə rahatlıq çökməsi. Allah üçün edilən bir əməldən sonra insanın qəlbinə Allah təala onun bu dünyadakı qarşılıqlarından biri olaraq başqa anlarda duymadığı bir rahatlıq verir. Uca Rəbb`imiz buyurur:

هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ * لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. (Fəth 4)

O elə bir rahatlıqdır ki, Allah Rəsulu salləllahu əleyhi va səlləm Əbu Bəkr radiyallahu anhuyla Məkkə müşrikləri onların ardınca gəldiyi zaman mağarada ölüm təhlükəsi ilə üz-üzə qalmalarına baxmayaraq onların qəlblərinə enmişdir. Uca Allah buyurur:

إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا

Hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” -dediyi zaman  Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmişdir. (Tövbə 40)

Həmçinin bu rahatlığı Əshabu`l-Kəhf, kafirlərin zülmündən sığındıqları mağarada, Yusif əleyhi`s-sələm qadının ona təklif etdiyi zinadan qaçaraq zindanda, İbrahim əleyhi`s-sələm yalnız Allah`a ibadətə çağırdığı üçün oda atıldığı zaman və bir çox möminlər Rəbb`ləri yolunda atdıqları hər bir addımın nəticəsi olaraq tapmışlardır. Əgər Allah üçün ən xırda bir iş görmüşdünsə mütləq olaraq bil ki Rəbb`in sənin qəlbinə rahatlıq verəcəkdir. Ancaq əməldə Allah`dan qeyrisinin rizasını düşünən kəs etdiyi əməl qarşılığında qəlbində rahatlıq tapmaz, əksinə sıxıntıya düşərək narahat olmağa başlayar. Çünki Allah`dan qeyrisi insana etdiyinin qarşılığını heç vaxt haqqı ilə verməz. Rəbb`im isə nəinki qarşılığını  o kəsin layiq olduğundan dəfələrlə artığını verər. Uca Allah buyurur:

مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا *وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

Kim yaxşı bir iş görsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam 160)

Ona görə də bir müsəlmanın üzərinə düşən yalnız Rəbb`inin rizasını qazanmaq olmalı və mükafatını yalnız Ondan diləməlidir. Rəbb`inin onu gizlində də aşkarda da gördüyünü bilərək, digərlərinin tərifinin və qınağın ona heç bir faydası olmayacağını anlayaraq, rahatlıqla Rəbb`i üçün xeyrlərə can atmalı və yalnız Rəbb`indən qorxaraq pisliklərdən əl çəkməli, bu zaman isə Ona heç bir şeyi şərik qoşmamalıdır. Məhz o kəslər nicat taplanlardır.

فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

Kim Rəbb`i ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbb`inə heç kəsi şərik qoşmasın! ( Kəhf 110)