Skip to main content


Tarix nədir?

Bu suala “tarix keçmişin elmidir” kimi qısa və doğru bir cavab vermək mümkündür. Lakin bu yetərli tövsif olmayacaqdır. Bu səbəbdən də tarix elminin mahiyyəti haqqında bir neçə kəlmə söyləmək yerinə düşəcəkdir. Hər bir elmin tarixi olduğu kimi tarix elminin də tarixi vardır. Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. “Epos” adı verilən bu əsərlər “loqoqraflar” tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi. XIX əsrə gəlindiyində tarix elmi sahəsində ciddi irəliləyiş baş vermişdi. Tarixi hadisələrin sadə nəqli və praqmatik xüsusiyyətləri ilə yanaşı meydana gəlmə səbəbləri, bu səbəblərə təsir etmiş müxtəlif amillər, hadisələrin səbəb və nəticə əlaqələri araşdırılmağa başlanmışdı. Hər hansı bir hadisənin tarixi hadisə sayılması üçün şübhəsiz həmin hadisənin insan fəaliyyəti nəticəsində meydana çıxmış olması mühümdür. Məsələn heyvan sürülərinin köçü və ya hər hansı bir təbii fəlakət tarix elminin araşdırma sahəsinə aid hadisə hesab olunmur. Digər tərəfdən insanın daim fəal, aktiv olduğunu nəzərə alaraq onun istənilən fəaliyyətinin də tarixi hadisə hesab olunması mümkün deyil. İnsanın və ya insan topluluğunun fəaliyyətinin tarixi hadisə hesab olunması üçün həmin fəaliyyətin cəmiyyət həyatına təsir etməsi əsas şərtdir. Məsələn bir bənnanın divar hörməsi tarixi hadisə deyilsə də bir memarın yeni inşaat üsulu icad etməsi tarixi hadisədir. Belə ki, bu icad nəticəsində şəhərsalma işində böyük bir həmlə edilmiş ola bilər. Tarixi hadisələr mütləq mənada səbəb və nəticə baxımından bir-biri ilə əlaqəlidirlər. Tarixi hadisələrin inkişaf dinamikası baxımından determinik bir təşəkkül içində olduğu şübhəsizdir. Tarixçilər tarixi hadisələri mənbə materiallarına istinadən qələmə alarkən hər şeydən əvvəl həmin mənbə materiallarını təsnif etmə, onlara tənqidi yanaşma bacarığına, qabiliyyətinə malik olmalıdırlar. Hadisənin meydana gəldiyi coğrafi məkan və baş verdiyi zamanın tarixçi tərəfindən dəqiq müəyyənləşdirilməsi də həmin hadisəyə tarixi kimlik, hüviyyət qazandıran mümüh xüsuslardan biridir. Beləliklə, buraya qədər sadaladıqlarımızı aşağıdakı kimi xülasə etsək “tarix nədir?” sualını bu cür cavablandıra bilərik: “Tarix-insanların cəmiyyət həyatına təsir edən fəaliyyətləri nəticəsində meydana gəlmiş hadisələri, səbəb və nəticə əlaqələrini müəyyən edərək, mənbə materiallarının tənqidi təhlilinə əsaslanaraq, məkan və zaman bildirərək öyrənən ictimai elm sahəsidir”.
Nə cahiliyyə dövrü ərəb ədəbiyyatına aid nümunələrdə, nə də Qur’ani-Kərimdə “tarix” kəlməsinə rast gəlinmədiyi üçün bunun ərəbcədə alınma söz olduğu düşünülür. Dilimizə ərəb mənşəli söz olaraq keçmiş “tarix” kəlməsi qaynağını sami dillərindəki “ərx” kökündən almaqdadır. Bu kəlmə akkad dilində “ərxu”, ibrani dilində isə “yərxu” olaraq səslənir və “ay” mənasını ifadə edirdi. Ərəb dilində bu kökün törəməsi “ay təqviminin hesablanması” və ya “xronologiya” anlamında (تاريخ) “tarix”, cəm formasında isə (تواريخ) “təvarix” olaraq səslənmişdir.

Tarixçilik orta əsr müsəlman şərqində böyük rəğbət görmüş, müsəlman elm adamları tərəfindən təkmilləşdirilmiş elm sahələrindən biri olmuşdur. Orta əsr müsəlman tarixşünasları yunanlar, romalılar, iranlılar və çinlilərin təcrübəsindən, eləcə də cahiliyyə dövrü ərəb ədəbiyyatının tarixlə bağlı təqdim etdiyi zəngin materillardan da faydalanaraq, hədis elminin də yardımı ilə zəngin bir yazılı tarix meydana gətirmişdilər. Onlar əldə olan tarixə dair materialları müəyyən bir xronolowi ardıcıllıq və coğrafi məkan anlayışı üzərinə bina edərək müasir tarixşünaslığın təməlini atmış, bu elmin bütün sahələrinə dair zəngin bir miras qoyub getmişdirlər.

Tarixşünaslıq müsəlman dünyasında müstəqil bir elm sahəsi kimi yaranmaqdan daha çox hədis və dilçilik kimi elmlərin paralelində, onların təsirilə və onlara təsir edərək meydana gəlmişdir. Tarix elmi sahəsində ilk müstəqil və ciddi əsərlərin qələmə alınmasına Əməvilər dövründə başlanılsa da bundan əvvəl də tarixə dair bir sıra kiçik çaplı risalələr yazıldığı və tarixə dair dərslər verildiyi məlumdur. Qur’an və hədisləri istər əhkam baxımdan, istərsə də hədislərin səhhəti və ayələrin nüzul silsiləsi, nüzul səbəbi, həmçinin təfsiri nöqteyi-nəzərindən tədqiq edilməsi tarixə dair ilk araşdırmalara təkan vermişdi. Qur’an ayələrinin bir çoxu müəyyən bir hadisənin baş verməsi səbəbiylə nazil olmuşdur. Alimlər ayənin hansı hadisəyə binaən nazil olduğunu, bu hadisənin hansı səbəbdən baş verdiyini, cərəyan etdiyi məkanı və vaxtı araşdırarkən istər istəməz tarixi bir araşdırmaya başlamış olurdular. Həmçinin hədislərdə Allah Rəsulunun (s.ə.v ) söylədiyi sözü hansı səbəbdən, harada, hansı hadisəyə bağlı olaraq söylədiyini araşdırarkən də əslində tarixi bir araşdırma aparmış olurdular. Çünki yuxarıda da qeyd etdiyimiz kimi hər hansı bir hadisə baş verdiyi coğrafi məkan və zaman baxımından araşdırılırsa həmin hadisə artıq tarixi hadisə hesab olunur. Beləcə İslam dünyasında ilk tarix araşdırmaları və dərslərinin Allah Rəsulunun (s.ə.v) vəfatından qısa müddət sonra başlamış olduğunu söyləyə bilərik.

Hədislərdə istər nəql silsiləsi baxımından, istərsə də hədisdə adı çəkilən və ya bilavasitə cərəyan edən hadisədə iştirak etmiş insanların kimliyi dəqiqliklə araşdırılmaqda idi ki, bu da “rical” elminin, yəni bioqrafik tarixçiliyin meydana gəlməsinə səbəb olmuşdu. Hələ İslamdan əvvəl, tarixçilər tərəfindən cahiliyyə dövrü adlandırılan dövrdə ərəblər arasında “ənsab” elmi, yəni nəsəbin bilinməsi mühüm əhəmiyyət kəsb edirdi. Hər bir ərəb qəbiləsinin ata-babasının adlarının yazıldığı “nəssabə” adlanan soy ağacları, şəcərələr tərtib olunurdu. Sonrakı dövrlərdə “rical”, “təbəqat”, “təzkirə” tipli ensklopedik tərcümeyi-hal kitablarının meydana gəlməsində bunun mühüm rolu olmuşdur. Xüsusən hədis alimlərinin yazdıqları əsərlərdə ayrı-ayrı şəxslərin adları, xronolowi ünsürlər, vəfat tarixləri dəqiqliklə müəyyən edilərək qeyd edilmişdir. Bu ənənə İslam tarixşünaslığının meydana gəlməsi və inkişaf etməsində böyük rol oynamışdır.

Ömər ibn Xəttabın (634-644) xilafəti dövründə hicri-qəməri təqvimin qəbul edilməsi, rəsmi sənədlərə, yazışmalara tarix qeyd edilməsi, xəzinəyə aid mədaxil və məxaric qeydləri, həmçinin maaş ödəmələri üçün divan dəftərlərinin hazırlanması İslam tarixşünaslığının təməlinin atılması baxımından böyük əhəmiyyətə malik hadisələrdir. Məlum olduğu kimi İslam tarixində ilk divan, hökumət təşkilatı Ömər ibn Xəttab (r.ə ) tərəfindən qurulmuşdu. Xəlifənin əmri ilə Cübeyr ibn Mut’im (r.ə), Məhrəmə ibn Novfəl (r.ə) və Uqeyl ibn Əbu Talibdən (r.ə) ibarət heyət xəzinəyə aid maaş dəftərlərində adları qeyd olunmuş şəxsləri mənsub olduqları qəbilələr baxımından yenidən təsnif edərək yeni siyahılar hazırlamışdılar. Divan dəftərlərində ilk müsəlmanların adları həmçinin ilk hicrət edən mühacirlər, ənsar, Bədr, Uhud, Xəndək döyüşləri, Hudeybiyyə beyəti, Məkkənin fəthində iştirak edənlər şəklində təsnif edilərək yazılmışdı. Bundan başqa Allah Rəsulu (s.ə.v) və xəlifələr dövründə bağlanmış sülh müqavilələri, əhdnamələr kimi rəsmi sənədlərin mətnləri də divan dəftərlərinə qeyd olunmuşdu. Bu rəsmi vəsiqələr, qeydlər qısa müddət sonra başlayacaq tarixşünaslığa dair tədqiqatlar, təliflər baxımından ilk və zəngin yazılı materiallar idi.
İslam tarixinin ilk dövrlərini araşdıran müasir tədqiqatçılar üçün Qur’an və səhih hədislər hər zaman ən mötəbər mənbə olmuşdur. Qur’anın bəzi ayələrindəki məlumatlara əsasən cahiliyyə dövrü ərəb cəmiyyətindəki ictimai vəziyyət haqqında təsəvvürə malik olmaq mümkündür. Ələlxüsus İslamdan əvvəlki ərəb cəmiyyətinin dini etiqadı, ənənələri, inancları haqqında məlumat verən Qur’an ayələri bu baxımdan əhəmiyyət kəsb edir. Eləcə də hədislərdə bu qəbildən olan məlumatlara rast gəlmək mümkündür. Sira (və ya sirət, cəm forması “siyər”) Peyğəmbərin (s.ə.v) həyatı ilə bağlı rəvayətlərin toplandığı kitablara məğazi isə Peyğəmbərin (s.ə.v) iştirak etdiyi hərbi yürüşlər və döyüşlər haqqındakı kitablara verilən ümumi addır.