Skip to main content


Nə üçün cəmiyyətimiz bu qədər sıxıntı çəkir?


İbn Ömər radiyallahu anhu deyir: “(Bir gün) Allah Rəsulu salləllahu əleyhi və səlləm yanımıza gələrək belə buyurdu: “Ey muhacirlər! Beş şey vardır, onlarla imtahan olacağınız zaman artıq cəmiyyətdə heç bir xeyir qalmamışdır. Onların siz həyatda ikən zühurundan Allah'a sığınıram:


1. Zina. Bir toplumda zina ortaya çıxar və açıq-aşkar işlənəcək bir hala gələrsə, mütləq o toplumda taun xəstəliyi yayılar və onlardan öncə gəlib-getmiş toplumlarda görülməyən xəstəliklər yayılar.

Bu gün bütün dünyada "azadlıq", "insan haqları" adı altında əxlaqsızlıq yayılır. Artıq orta məktəb dövründən etibarən başlayan "azad sevgi", "azad həyat" düşüncəsi cəmiyyətdə durmadan sonsuzluq, QİÇS, SİFLİS? AIDS, Uşaqlıq boynu Xərçəngi və s. xəstəliklərin artmasına, yüz minlərlə insanın bu xəstliklərdən əziyyət çəkməsinə səbəb olmuşdur. Təhsil Ekspertlərinin rəyinə əsasən son 3-4 ildə abort etdirən məktəblilərin sayı 1200.ü keçmişdir (http://www.moderator.az/news/216537.html) 

Bunları görərək valideynlər həyəcan təbili çalmalı, istər oğlan istər qız olsun- övladlarına qarşı daha çox vaxt ayıraraq, onların üstün keyfiyyətlərə malik namuslu bir şəxs kimi yetişməsinə çalışmalıdır. İnternetdən tərbiyə alan, valideyn nəzarətindən uzaq "azad" gəncliyin üzləşdiyi fəsadların günü gündən artdığını diqqətimizdən qaçırmamalıyıq..

2. Ölçü və tərəzidə hilə. Ölçü və tərəzidə əskik edən hər toplum, mütləq qıtlıq, həyat sıxıntısı və sultanın (başçının) zülmünə uğrayar.

    Bu gün satıcıların "xarici mal" adı altında yerli və ya Çin mallarını müştərilərə zorla satdığı, əvvəlcədən (1kq, 5kq və s) tərəzidə çəkilib paketləşdirilən lakin miqdar əskikliyi bir çox halda qaçılmaz olan saxtakarlıqlarla az qala hər gün üzləşirik. Hər kəs ticarətdə maksimum gəlir əldə etməyin qeyri-etik və qeyri-qanuni yollarını axtarmaqdadır. Nəticədə cəmiyyətimizdə satıcılara qarşı güvənsizlik xeyli çoxalmışdır. Bu hərəkətlərlə sanki özümüz öz cəmiyyətimizə düşmən kəsilirik. Nəticədə eyni hədisin bildirdiyi kimi təəssüf ki, bu gün cəmiyyətimiz bir çox orqanlarda və şirkətlərdə idarəçilərin yolsuzluq, rüşvət, ayr-seçkilik, öz vəzifəsindən sui-istifadə kimi hallarıyla qarşılaşmaqdadır. 

3. Zəkat verməmək. Hansı toplum mallarının zəkatını verməzsə mütləq göydən yağış kəsilər. Heyvanlar da olmasaydı, tək damla yağış düşməzdi.

Bu gün Qərb ölkələrində yayılan "işsizlik müavinəti" əslində ilk dəfə dünya təcrübəsinə 7.ci əsrdə qurulan İslam Xilafətiylə gətirilmişdir. İslam qanunlarına görə varlılardan yığılan illik zəkat vergisi maaş olaraq işsiz əhaliyə paylanılır, nəticədə bu gün əksər kapitalist ölkəsində yaşanan varlının getdikcə varlanıb, kasıbın daha da kasıblamasının qarşısı alınır, cəmiyyətdə orta təbəqənin qorunmasına səy göstərilirdi. Maddi sıxıntıları azalan cəmiyyət isə daha çox rifaha yaxınlaşır, bu isə insanlarda pozitiv həyat tərzinin çoxalması və əhalinin xoşbəxtlik indeksinin artması ilə nəticələnirdi. İslam Tarixçiləri qeyd edir ki 8.ci əsrdə Xəlifə olmuş Harun ər-Rəşid dövründə, imkanlı təbəqədn yığılan zəkat və sədəqələr əhali arasında o qədər paylanılmışdı ki, bəzən insanlar sədəqə verməyə adam tapmırdılar. Tarixçilər məhz cəmiyyətin rifahının artmasına səbəb olan zəkat nizamına görə bu dövrü bəzən "İslamın Qızıl Dövrü" adlandırırdılar. 

4. Əhdin pozulması. Hansı toplum Allah və Rəsulunun əhdini pozarsa, Allah təala o topluma özlərindən olmayan bir düşməni mübtəla edər və əllərindəki (sərvət)lərin bir qismini onlar alar.

Allah Rəsulu salləllahu əleyhi və səlləmin: "Hər insan İslam fitrəti üzərinə dünyaya gəlir" deməsi əslində insanın Allaha layiq bir bəndə olaraq yaşayacağına söz vermiş olduğunu göstərir. Lakin bu gün insan bəzən hətta dünyasına belə heç bir faydası olmayan əsər və romanlar oxumaqla öyünür. Lakin onun dünya və axirətini aydınladacaq, onu hər iki dünyada gerçək xoşbəxtliyin açarını verəcək Həyat Rəhbəri-Quranı heç bir dəfə də oxumur, bunu vacib olmayan bir iş olaraq görür. Cəmiyyətimiz 20.ci əsrdə SSRİ idarəsi altında dinsizləşdi və təəssüf ki, dinini qoruya bilmədi və nəticədə elə həmin əsrin sonunda erməni zülmünə məruz qaldı və torpaqlarımızın 20% hələ də yadelli işğalında qalmaqdadır 

 

5. Allah`ın Kitabı ilə hökm etməyi tərk etmək. Hansı toplumun imamları Allah`ın kitabı ilə əməli tərk edərək Allah`ın endirdiyi hökmlərdən işinə yarayanları seçərsə, Allah təala onları öz aralarında savaşdırar”.

Avropa dövlətləri "insan haqlarını" önə çəkərək əslində toplum haqlarını və toplum rifahını zədələmişdir. Lakin İslamın şüarı isə "cəmiyyət haqlarını" önə çəkərək, təkcə fərdin deyil, toplumun ümumi rifahının artmasına çalışmaqdır. Məs, dünyəvi qanunlara görə bu gün oğurluq edən kəs sadəcə bir neçə il həbs olunduqdan sonra azadlığa çıxır. Bunu bildiyi üçün oğru azad olan kimi yenə öz əməllərinə davam edir, hətta "oğru" ünvanına sahib olmağı artıq şərəf bilir. Nəticədə dünyəvi qanunların gətirdiyi həbs cəmiyyətdə oğurluq cinayətinin azalmasına deyil, əksinə artmasına səbəb olmaqdadır. Bu gün media xəbərləri bunu sübut edir. Lakin İslam qanunlarına görə əvvəlcə barmağı, ikinci dəfə oğurluq etdikdə isə oğrunun əlini kəsməklə həmin cinayətkarın əməlinin sonlanmasına səbəb olur, həm də bu mənzərəyə şahid olan cəmiyyətin əlini itirmək qorxusuyla bu cinayətdən getdikcə uzaqlaşmasına gətirib çıxaracaqdır. Bu gün qardaşla qardaşın, qohumla qohumun, qonşuyla qonşunun məhz oğurluq səbəbiylə bir-birinə düşmən kəsilməsi, bəzən bir-birini öldürməsi səhnələrinə az rast gəlmirik..

Gəlin başqa bir misala baxaq. Allah Quranda Faizin haram olduğunu və faizə girməklə insanın Allaha və Rəsuluna savaş açmış olduğunu qeyd edir. Lakin bu gün cəmiyyətimizdə insanlar hər hansı bır maddi sıxıntı olan kimi bankdan faizə pul götürür, hətta özləri bir-birinə faizlə borca pul verirlər. Nəticədə bir müddət sonra banka pulu ödəyə bilməyən şəxsin evi və ona məxsus başqa maddi şeylər müsadirə olunur. Borca düşən şəxs bir müddət sonra borcunu ödəyə bilmədikdə depressiya yaşayır, aqressivləşir, hətta borc bəlasından yaxasını qurtarmaq ölümü seçir. Bu bir dəhşətdir.
Növbəti misal falçılıqdır. Allah Quranda falçılıqla məşğul olanların, onların yanına gedənlərin Cəhənnəm odunu olacaqlarını bildirir. Bu birbaşa Allaha qarşı küfrdür. Lakin bu gün daha çox qadınlar, vəya varlılar, şou-biznes əhli az qala hər işini falşılarla məsləhətləşir, insanlar sevmədiyi şəxslərə pislik etmək üçün tez-tez falçılara üz tuturlar. Nəticədə boşanmalar, ailədaxili münaqaişələr, cinayətlər artmış, insanlar daha çox aqressiv münasibət sərgiləməyə başlayıblar. Sadaladıqlarımız cəmiyyətin öz-özünü məhv etdiyini  göstərir. 

Bütün bu deyilənlər və günümüzdəki reallıqlar hədisin nə qədər ilahi kəlamlar ehtiva etdiyini göstərir. Unutmayaq ki, bütün bu bəlalara görə kimisə deyil yalnız özümüzü qınamalıyıq və özümüzü dəyişməliyik ki, sıxıntılar aradan qalxsın. Allah Quranda buyurur:

"Hər hansı bir tayfa öz nəfsində olanları dəyişmədikcə (pozmadıqca), Allah da onda olanları, onun əhvalını dəyişməz" (Rad surəsi 11)

Allah cəmiyyətimizə razı olduğu üzrə həyat nizamı qurmağı nəsib etsin və bizi üzərinə xeyir və bərəkət enən bir toplum etsin. Amin!

(Kutubu Sittə Müx. Tərcümə və Şərhi, c. 17; s. 540)