Skip to main content


İslamda qardaşlıq – Giriş

Məhz bu nemət sayəsində Allah Rəsulu salləllahu əleyi və səlləm əvvəlki ümmətlərdən fərqli olaraq Allah`ın əmrlərini qoruyacaq və onun qadağalarından çəkinəcək, Onun dinini ayaq üstə saxlayacaq bir İslam ümmətinin Qiyamətədək mövcud olacağını xəbər vermişdir. Yenə qardaşlıq bağı elə bir bağdır ki, 12 minlik müsəlman ordusunu 100 minlik ordulara qalib etmiş, bu bağ sayəsində Peyğəmbər salləllahu əleyhi və səlləm tək başladığı dəvət risaləsinə 23 il sonra son xütbəsində artıq 125000 səhabəyə çıxarmışdır. Lakin bu gün qardaşlıq bağları zəifləmişdir. Biz Allah Rəsulu salləllahu əleyhi və səlləmin və əshabının müsəlmanlara qarşı nə qədər yumşaq ürəkli, nə qədər təvazökar olduğunu, kiçik bir məsələ olsa belə bir-birinin haqqını son dərəcə qorumağa çalışdığını təəssüf ki, bu gün unutmuşuq, bəlkə də tam olaraq anlamamışıq.

Bu gün İslam ümmətinin bütün dünyada ən böyük problemlərindən biri qardaşlıq bağlarından məhrum olmalarıdır. Müsəlmanlar Qərbin ustalıqla yeritdiyi kapitalizm ideologiyasının təsirindən çıxa bilmir, fərdi həyata, fərdi uğura üstünlük verir. “Heç kimin işinə qarışmasam heç bir dərdim olmaz”, “Öz dərdim özümə bəsdir” anlayışı müsəlmanların zəif düşməsinə gətirib çıxarır. Digər tərəfdən isə özündən başqa hər kəsi “sapıq” adlandıran çoxlu sayda qruplaşmaların yaranması da qardaşlıq bağlarını gücləndirmək istəyən və bu yolda addım atan müsəlmanlarda və ən əsası yeni iman gətirən və ya iman gətirmək istəyən insanlarda ruh düşkünlüyünə səbəb olur. Səbəb isə odur ki, bu gün müsəlmanlar daha çox əqidə öyrənməklə kifayətlənir. Halbuki səhabələrin birinci dərəcədə önəm verdikləri Quran və təfsiri, İslam alimlərinin Qurandan sonra müsəlmanın ikinci əl kitabı kimi gördükləri “Fikhu`s-Sira (Peyğəmbərin həyat metodu)” və səhabələrin İslamı yaşamları daha çox ikinci plana keçir, bəzən isə ümumiyyətlə öyrənilmir. Nəticədə müsəlmanlar oxuduqları hədis və ayələri səthi anlayır, özləri də istəmədən oxuduqlarını yanlış tətbiq edirlər.

Məsələn, bu gün təəssüf ki, müsəlman oxuduğu hədis və ayəni Peyğəmbər salləllahu əleyhi və səlləmin Kəbəyə baxaraq dediyi aşağıdakı hədis çərçivəsində anlamağa və tətbiq etməyə çalışmır. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Salam olsun sənə ey Kəbə! Sən nə ucasan, toxunulmazlığın da ucadır! (Amma) iman etmiş bir qulun Allah qatındakı toxunulmazlığı (hörməti) səninkindən daha üstün səviyyədədir”. (Silsilətu’l-Əhadisis`i-Səhihə” 3420)

Allah müsəlmana bu qədər dəyər verirsə bizim nə qədər dəyər verməli olduğumuz göz önündədir. Dolayısıyla müsəlman hikmətli, məsləhətli addımlar atmalı, onun atacağı addımın müsəlman qardaşına, cəmiyyətə xeyir və zərərini ölçməlidir. Məhz bunlara əməl olunmadığına görə bu gün müsəlmanlar parça-parça olmuş, bir məsələdə Allah Rəsulu salləllahu əleyhi və səlləmin, əshabının tutduğu yol və yöntəmi və alimlərin bu yöntəmlərin tətbiqi ilə əlaqədar şərhlərini öyrənib tətbiq etmir, əvəzinə öz aralarındakı şəxsi düşüncələrinə üstünlük verirlər. Hətta 5-10 nəfər insan artıq eyni düşüncəni paylaşırsa artıq özlərinin tam düz yolda olduğunu, qalan hər kəsin yanlış yolda olduğuna “qərar” verirlər. Nəticədə müsəlmanlar özləri də fərqinə varmadan cəmiyyəti məhvə, uçuruma aparır. Bu gün biz müsəlmanlar cəmiyyətin gözündə Allah Rəsulunun gətirdiyi xilaskar ümmət olmaq əvəzinə, fitnəkar, üsyankar, anarxist bir təsir bağışlayır, insanların qəlbini İslama isitmək əvəzinə İslamdan uzaqlaşmalarına səbəb oluruq.

Bəs bütün bunlara səbəb nədir? Necə bunu düzəldə bilərik? Bu gün çoxumuz sadəcə kitablarda oxuduğumuz sahəbələrin həyatını sanki “qeyri-adi” görür və həsəd aparırıq. Onların qazandıqları uğurları və Allah qatındakı dəyərlərini az qala əlçatmaz hesab edirik. Lakin Suffa ailəsi olaraq səhabələrin həyat metodunun əslində əl çatan olduğunu, bizim də onlar kimi bir-birini hər zaman qoruyan, malını düşünmədən qardaşına verən, dünya nemətlərində hər zaman öncə qardaşını tərcih edən müsəlmanlar olmağın mümkünlüyünü anlatmağa çalışacağıq. Unutmayaq ki Allah Quran-i Kərimdə buyurur: “Allah heç kimə gücünün yetəcəyindən artıq yük yükləməz”. (Bəqərə 286).

Bəzən insan düşünə bilər ki, səhabələr ümmətin ən üstün kəsləridir, ona görə onlar kimi olmaq qeyri-mümkündür. Düzdür Allah Rəsulu salləllahu əleyhi və səlləm bir hədisində ümmətin ən xeyirlilərinin əshabı olduğunu bildirsə də digər hədislərində ümmətində əvvəl və sonra gələnləri ayırmamış və hətta sonra gələnləri onu görmədən iman etdikləri üçün tərifləmiş, onların daha çox savab qazana biləcəklərini bildirmişdir.

Allah Rəsulu salləllahu əleyhi və səlləm öz əshabı ilə sonra gələcək nəsilləri bir tutmuş, hər ikisində xeyir olduğunu bildirmişdir: “Ümmətim, əvvəlimi, yoxsa sonumu daha xeyirli olduğu bilinməyən bir yağış kimidir”. (İbn Məcə, Muhamməd ibn Yezid, Sünən ibn Məcə 1319, 3987; Savaiqu`l-Muhriqa səh. 211). Ənəs ibn Malik radıyallahu anhu demişdir: Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “İnsanların üzərinə elə bir vaxt gələcək ki, dinin gərəklərini yerinə yetirmə mövzusunda səbirli/müqavimətli davranın müsəlman olaraq yaşayan kimsə ovcunda atəş tutan kimsə kimi olacaqdır. (Tirmizi/Fitən 73; Əbu Davud/Məlahim 17). Bu hədisin digər mənbələrdən gələn versiyasında isə hədis belə davam edir: “O günlərdə yaxşı bir iş görən kimsə başqa zamanlar o işin eynisini edənin alacağı əcrin 50 qatını alacaqdır. (Əbu Davud/Məlahim 17 4341, Tirmizi təfsir/Maidə 3060).

Oxuduqlarımızın və ya eşitdiklərimizin bizə təsir etməməsinin başlıca səbəbi – Qardaşlıq nemətinin üstünlüyünü və bərəkətini səhabələr kimi düşünüb, yəqinliklə dərk edib zehnimizə, həyatımıza tətbiq etməməyimizdir. Buna görə də bu gün səhabələrin həyatını oxuyuruq və “çox təsirlidir” deyib üstündən keçirik. Həyatımızda heç bir dəyişiklik baş vermir.

İnşəAllah niyyətimiz “İslamda Qardaşlıq” başlığı altında dərslər seriyası ərsəyə gətirərək bu gün müsəlmanlar arasındakı qardaşlıq bağlarının yenidən səhabələr timsalında canlanmasına, istənilən anlaşılmazlığın bu bağ qarşısında asanlıqla çözülə bilən və həll olunan olduğunu birlikdə dərk etməyimizə səbəb olmaqdır. Bu dərslərdə Allah`ın izni ilə cəmiyyətin üzləşdiyi ayrı-ayrı problemlərə toxunacaq və bu problemlərim Allah Rəsulu və səhabələrin timsalında həllini tapmağa çalışacağıq. Ən nəhayət, məqsəd müsəlmanlarda “Qarşımdakı müsəlmandır, onunla xoş rəftar etməli, haqlarını qorumalı, ona hər zaman dəstək olmalıyam, aramızdakı minhəc üzrə fikir ayrılığı bizi düşmən etməməlidir, atacağım addımın müsəlmanlara olacaq təsirini ölçüb-biçməliyəm” kimi düşüncələri formalaşdırmaqdır. Allah`dan bu yolda müvəffəqiyyət arzulayır və müsəlmanlardan oxuduqlarını düşünüb anlayış göstərməsini, həyatlarında dəyişiklik etməsini arzu edirik! Amin!

Bir çox dərslərdən təşkil olunacaq mövzumuza Əbu Hüreyrə radıyallahu anhunun aşağıdakı hədisi ilə başlayacağıq:

Əbu Hüreyrə radıyallahu anhunun bildirdiyinə görə Allah Rəsulu salləllahu əleyhi və səlləm bir gün səhabələri ilə qəbiristanlığa getdi və buyurdu: “Allah`ın salamı sizin üzərinizə olsun ey möminlər topluluğu! İnşəAllah bir gün biz də sizə qatılacağıq. Qardaşlarımı görməyi çox istərdim. Onları görmək üçün nə qədər darıxmışam. Səhabələr: “Biz Sənin qardaşların deyilikmi ey Allah`ın Rəsulu?” deyə soruşdular. Bu zaman Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Sizlər mənim əshabımsınız. Qardaşlarım isə hələ gəlməmiş olanlardır”. Səhabələr: “Ey Allah`ın Rəsulu! Ümmətindəm hələ gəlməmişləri necə tanıyacaqsan?” deyə soruşdular. O buyurdu: “Bir adamın, alnı və ayaqları ağ olan atı olduğunu düşünün. Adam bu atını hamısı qapqara olan bir at sürüsü içində tapıb tanımazmı?” Səhabələr: “Bəli, tanıyar və tapar Ey Allah`ın Rəsulu” deyə cavab verdilər. O buyurdu: “Onlar dəstəmaz (aldıqlarına) görə üzləri nurlu, əl və ayaqları nurlu və parlaq olaraq gələcəklərdir. Mən öndən gedib hovuzun başında qarşılamaq üçün onları gözləyəcəm. Diqqət edin! Bir qrup insan yad bir dəvənin qovulub sürüdən uzaqlaşdırıldığı kimi mənim hovuzumdan qovulacaqlar. Mən onlara “Buraya gəlin” deyib çağıracam. Mənə “Onlar Səndən sonra hallarını dəyişdirdilər. Sənin sünnətini təqib etmədilər və başqa yollara sapdılar. Böyük günahlar işlədilər” deyiləcək. Bu zaman mən də belə deyəcəm: “Uzaq olsunlar! Uzaq olsunlar! (Müslim 1/150, 151, Malik 1/49, 50, Nəsai 1/35, İbn Məcə 2/580)

Hədisdən göründüyü kimi Peyğəmbər salləllahu əleyhi və səlləm özünün görə bilmədiyi lakin Qiyamət günü rahatlıqla tanıyacağı qardaşlarını həsrətlə gözləyir. Bəs biz özümüzə “Görəsən mən bu şəxslərdən biriyəmmi?”, “Bu şəxslərdən biri olmaq üçün nə etmək lazımdır” və “Peyğəmbər salləllahu əleyhi və səlləmin “Uzaq olsunlar” dediyi insanlardan olmamaq üçün nə etməliyəm?” suallarını verdikmi? Bu gün biz müsəlmanların ən böyük problemlərindən biri “Haqqı deyirəm”, “Ayədə belə yazılıb” deyib əslində Allah Rəsulu və əshabının qardaşlarına qarşı etmədiklərini etməyimizdir. Səbəb isə ayə və hədislərin işlənmə yerini, zamanını bilmədən hər yerdə hər zaman və hər kəsə qarşı işlətməyimizdir.

Allah Rəsulu salləllahu əleyhi və səlləmin təqdir etdiyi, elmdə ən üstün məqama qalxan şəxs olan Əli ibn Əbu Talib radıyallahu anhuya qarşı çıxan kəslər də “Allah`ın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımlardır. (Maidə 45)” ayəsini dəlil gətirirdilər. Lakin Əli radıyallahu anhu təkidlə onların (xəvariclərin) bu ayəni düzgün anlamadıqlarını bildirmiş, bu yanlış şərhlə haram olduğunu bilə-bilə öz müsəlman qardaşlarının qanını tökməyə hazır olanları qınamışdır. Əsrlər keçsə də təəssüf ki, bəzi insanlar yenə də keçmişdə artıq olan səhvlərdən dərs almır, yenə həmin səhvləri təkrarlaıyırlar. İmam Ğazəli demişdir: “Allah quluna bir yaxşılıq diləyincə ona öz qüsurlarını göstərir. Dərin görüşlü şəxsə qüsuru gizli qalmaz. Qüsur bilinərsə müalicəsi asan olar. Ancaq insanların çoxu öz qüsurlarının fərqində deyildir. Qardaşının gözündəki çöpü görür, öz gözündəki odunu görmürlər”. (Ayələr və hədislər işığında İslami Söhbətlər, Ankara 1995, səh 13).

Əslində səhvsiz insan yoxdur. Müsəlmanın gözəlliyi ondadır ki, səhvini boynuna alsın və yaxşılığa doğru dəyişsin. Lakin bu gün müsəlmanlar nəfslərinə uyur, nəsihət eşitmir, qabağına çıxanı günahlandırırlar. Ona görə də artıq ölkəmizdə İslam birliyi və İslam qardaşlığı məhv olmaqla üz-üzədir. İnşəAllah ərsəyə gələcək dərslərimizdə bu günümüzdə mövcud olan bütün problemlərə toxunacaq, ayə və hədislər, əshabın və alimlərin məşhur həyatı və hikmətli kəlamları fonunda problemlərin həllini tapmağa çalışacağıq. Allah`dan diləyimiz odur ki, bizi bu dərslərlə real İslam qardaşlığının qarşısındakı maneələri aradan qaldırmağa və cəmiyyətin birlikdə islah olmasına az da olsa töhfə verməyə müvəffəq etsin. Allah bizi oxuyub, anlayıb və yaşayanlardan etsin. Amin! (növbəti dərs tezliklə inşəAllah....)