Skip to main content


Faydali dərslər 11- İslamda borc verməyin fəziləti

Adəm oğlu bu dünyada müxtəlif sınaqlarla üzləşir. Daha çox maddi sıxıntı insanların tez-tez qarşılaşdığı bir porblemdir ki, insanlar bir çox halda borc alma üsulunu çıxış yolu kimi görməkdədir. Unutmayaq ki,  borc alıb-vermək ilk öncə dostluq və etibarın bir nişanəsi və qarşılıqlı yardımlaşmanın bir formasıdır. İslamda bu əməl qarşı tərəfin sıxıntısını aradan qaldıran yollardan biri olduğu üçün bəyənilən və Allah`ın təqdir etdiyi bir əməldir. Ona görə də İslam dini bu əmələ təşviq etmiş və hətta bir kəsin borcunu qaytara bilməməsindən dolayı  borc verənin bu gözəl əməldən soyumamasını və xeyirli əmələ davam etməsini istəmişdir. Hətta bəzi hallarda borc vermək sədəqə verməkdən daha çox önəmli sayılır.

Bir kimsə borc verdiyi pulunun bir qismini vəya hamısını bağışlaya bilər. Borclu olan çətin vəziyyətdədirsə  İslam ona güzəştə getməyə, hatta mümkünsə alacağının bir qismini vəya hamısını bağışlamağa təşviq etmişdir. Quranda bununla bağlı belə buyurulur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (Bəqərə 280)

Borc verən kəsin qazandığı fayda və savab barədə isə Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurur: “Borcun vədəsi gəlmədən öncə verdiyi hər bir möhlət üçün onun kimi bir sədəqə vardır. Borcun vədəsi gəldiyində ona möhlət verərsə hər gün üçün iki qat savab qazanar.” (İmam Əhməd: IV, 442-443, V, 300, 308)

Əbu Hureyrə radiyallahu anhu Allah Rəsulu salləllahu əleyhi və səlləmin  belə buyurduğunu rəvayət edir: “Bir adam heç xeyir işləməz, sadəcə borc pul verərdi. Geri almalı olduğu zaman gəlib yetişdikdə, adamına: “imkanı olanlardan al, vəziyyəti uyğun olmayıb sıxıntıda olanlardan alma, bəlkə Allah təala da bizim günahlarımızı bağışlayar” deyərdi. Həmin şəxs öldü. Allah təala ondan soruşdu: “Hər hansı bir yaxşı əməlin varmı?” O cavab verdi: “Xeyır, sadəcə xalqa borç pul paylayırdım, geri almaq zamanı gəlincə, xidmətçimə “Vəziyyəti münasib olanlardan al, olmayanlardan alma. Bəlkə Allah təala da bu səbəblə bizi bağışlayar” deyərək göndərirdim”. Allah təala ona belə buyurdu: “Mən də səni əfv edib, günahlarını bağışladım”. (Buxari)

Digər bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən (kəs) borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən xilas etsin”. (İmam Əhməd: II, 23)

Başqa bir hədisdə isə buyurulur: “Borcunu ödəməkdə çətinlik çəkən birisinə möhlət verən vəya borcunun bir qismini bağışlayan kimsəni Uca Allah Cəhənnəm atəşindən qoruyar”. (Buxari)

 

Buna baxmayaraq Allah Rəsulu salləllahu əleyhi və səlləm də borcu olan şəxsə imkanı olduqda ilk öncə borcunu ödəməyə diqqət etməsini tövsiyyə etmişdir: “Özü və ya arvad-uşağı möhtac ikən verilən sədəqə qəbul olunmaz. Borc ödəmək, sədəqə və hədiyyə verməkdən daha önəmlidir. (Buxari)

Ödəməmək niyəti ilə borc alan, Qiyamət günü oğru olaraq gələr”. (İbni Məcə)

İmkanı varkən, borcunu ödəməyənə hər gün zülm etmək günahı yazılar”. (Təbərani)

Allah təalə bizləri ən gözəl borc almaq və borc vermək ədəbi ilə nemətləndirsin. Amin!.